Rusiya, Fransa, ABŞ - üçü birləşib Qarabağdan sonra ətraf rayonları da ermənilərə qurban verdilər

Rusiya, Fransa, ABŞ – üçü birləşib Qarabağdan sonra ətraf rayonları da ermənilərə qurban verdilər
Want create site? Find Free WordPress Themes and plugins.

“Xəbəriniz varmı ki, ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz iki gün əvvəl ABŞ-ın Ermənistan energetikasına 8 milyard dollar yatırmaq planlarından danışıb?”

Nitsşe “Tarixin həyat üçün xeyri və zərəri haqqında” əsərində yazır ki, “ bəzən millətin tarixində elə utancverici, xəcalətli səhifələr olur ki, bu günkü və gələcək vətəndaşlar  illər keçsə də o tarixi hər zaman çiynində ağır yük olaraq görəcək və əzab çəkəcəklər”.

Səbəbini böyük filosof belə izah edir: ”İnsan özünü həm də onunla heyrətləndirir ki, o unutmağı öyrənə bilmir və  əbədi olaraq keçmişə bağlanıb və nə qədər sürətlə gələcəyə qaçsa da bağlandığı zəncir onunla bərabər qaçır”.

Azərbaycanın bu günkü və gələcək vətəndaşları üçün millətinin, dövlətinin tarixinə görə utanacağı, çiynində yük olaraq əzab çəkəcəyi tarix və ona aparan proseslər daralmaq üzrədir. Başlanan  proseslər  dairəsi qapanır və tariximizin utancverici səhifəsi olmayacağına hələ bir qədər ümid var ki, bəlkə dairə qapanmadı. Hər bir dövlətin tarixində yüksəlmələr, enişlər olur. Tarixin bir dönəmini  yüksələrsən, o birisində ağır, çətin bir zaman yaşarsan. Tarixdə millətin, dövlətin itirdikləri, qazandıqları olur. Var itirə bilərsən, sərvətin tükənə bilər, bircə sərvət var ki, o heç zaman itirilməməlidir. Torpaq! Yəqin söhbətin Qarabağdan getdiyini hiss etdiniz.

Vətənimizin  böyük bir hissəsi 23 ildən çoxdur ki, düşmən tərəfindən işğal olunub və onu geri qaytara bilmirik. 1988-ci ildən 1994-cü ilədək vuruşduq, mübarizə apardıq.., alınmadı, düşmən havadarlarının hesabına torpağımızı işğal etdi. Atəşkəsdən sonra aparılan bütün diplomatik danışıqlarda heç bir uğur qazanmamışıq. İndiyədək baş verən lokal döyüşlər isə fundamental dəyişikliyə səbəb olmayıb. Nəhayət, iki gün bundan əvvəl ATƏT-in Minsk qrupu həmsədrləri gəldi və bəyanat verdi. Həmsədrlər keçmiş  Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafında işğal olunmuş torpaqları ilk dəfə olaraq “ərazi” adlandırdı,” işğal olunmuş ərazi” terminindən istifadə olunmadı. Kimdi günahkar? Birmənalı olaraq həmsədrlər deyil, bizik.  Bizim yarıtmaz diplomatiyamızın fəaliyyətinin, daha doğrusu fəaliyyətsizliyinin nəticəsidir bu bəyanat. Bayaqdan 5+2 variantı ilə başımızı aldadanlar indi ondan da imtina edirlər. O beş rayonun işğal olunmadığını son bəyanatlarında üzümüzə dedilər. Bizim rəsmilərdən hələ səs çıxmayıb ki, bu yaxşıdır, ya pis.Təbii pisdir, həm də fəlakətdir. Zaman erməninin xeyrinə işləyir. Bir müddətdən sonra işğal olunmuş ərazilərdə məskunlaşan ermənilərə “reallıqdır” deyib, bizi barışığa, daha doğrusu rəsmi kapitulyasiyaya imza etdirəcəklər. 1993-cü ildə İsraillə Fələstin arasında Oslo razılaşmasına  əsasən İsrailə işğal etdiyi yerlərdə məskunlaşma apara bilməyəcəyinə qol çəkdirsələr də, o vaxtdan həmən yerlərdə 600 min İsrail vətəndaşı məskunlaşıb və beynəlxalq güclər deyir ki, artıq bu bu reallıqdır, barışmalısız. Həmin proses bizimlə də gedir…

Azərbaycan diplomatiyası hadisələrin arxasınca sürünür. Bu gün təkcə DQ ətrafı deyil, Getaşenskiy podrayon termini ilə keçmiş Şaumyan (kənd) ərazisini də həmsədrlər müzakirə predmetinə çeviriblər. Ümumiyyətlə, Xarici İşlər Nazirliyinin bizim bir nömrəli problemlə məşğul olmadığı təəssüratı yaranır.

2017-ci ilin yanvarında ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi ABŞ-ın Ermənistandakı keçmiş səfiri Con Hefferin təyin olunub. Bu şəxs anti Azərbaycan ruhlu bir diplomatdır. Hələ Ramil Səfərovun Azərbaycana verilməsi məsələsinə ən kəskin reaksiyanı Ermənistanda Sərkisyanın kabinetində vermişdi. İndi Minsk qrupundakı amerikalı həmsədr təlimatları bu şəxsdən alır. Bu barədə bizim XİN-də bilən varmı, varsa hansı gedişlər edirsiz? Lobbi işini kim aparır, kim rəhbərlik edir? Yoxsa bu işi də Diaspora Komitəsində İbrahimova həvalə etmisiniz?

Bəs, rusiyalı həmsədr? Konfliktoloq Elxan Mehdiyevin dəqiq dediyi kimi, bəyanatın üslubundan rus qoxusu gəlir. Sovet vaxtı deyilən kimi: “Dağlıq Qarabağ və onun ətrafı”. Fransızlar bu məsələdə nisbətən mötədil mövqedədirlər.

Xəbəriniz varmı ki, ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz iki gün əvvəl ABŞ-ın Ermənistan energetikasına 8 milyard dollar yatırmaq planlarından danışıb. Rusiyanın forpostu dediyiniz ölkə Rusiyadan da, Amerikadan da yararlanır. Bizdə o təəssürat yaranıb ki,  Rusiyanın xətrinə Qərbi söysək,  Qarabağ işində bizə kömək edəcək. Nə qədər doğru olmayan bir siyasət. Qərbin, ümumiyyətlə beynəlxalq güclərin nəzərində Azərbaycan çox  mənfi bir imicə malikdir. Səbəb hamıya məlumdur  və Qarabağ problemində heç bir dövlət yanımızda deyil və ya olmaq istəmir. Yanımızda olan Türkiyənin imici bizdən də betərdir və faktiki olaraq bu faktor da əleyhimizə işləyir.

Bu işdə günahkar yalnız xarici siyasətlə məşğul olanlar deyil, cəmiyyət olaraq hamımız günahkarıq. Biz Qarabağ tələbi ilə dövlətdən hesab sormamışıq. Cəmiyyət nə qədər iqtisadi böhranın içində olsa da Qarabağ məsələsinin, vətən torpağının aclığa, kasıbçılığa dəxli olmamalıdır. Bütün ölkənin əksər çayxanalarında birdən 500 nəfərin oturub domino, nərd oynadığını görüb dəhşətə gəlməmək mümkün deyil.  O nərd, domino oynuyanların içində çoxluq bəlkə də həmsədrlərin işğal ərazisi kimi qəbul etmədiyi rayonların sakinləridir. Bəlkə də yox, elə belədir. Hardandı bu qədər biganəlik, bu qədər inertlik?

Mətbuatımız Qarabağ məsələsini nadir hallarda işıqlandırır, yazanda da yalanla xalqı sakitləşdirirlər. “Ermənistan vahimədə”, “Ermənistanı Rusiya məcbur edir ki, işğal etdiyi torpaqlardan çıxsın”, “ Erməni Ordusu dağılır” və bu qəbildən reallıqdan uzaq olan yazılarla kimi aldadırsız?  Informasiya təbliğatını belə yalanlamı qururlar?  Azərbaycan televiziyaları gün ərzində on, on beş dəfə Bakının işıqlı küçələrini, yaraşıqlı bulvarını göstərir. Niyə Ağdam xarabalıqlarını, Qarabağın viran kəndlərini, şəhərlərini, Şuşanı bircə dəfə göstərmirsiniz ki, ay millətin gəncliyi, bu xaraba qalan yerlər sənin vətənindir, o yerləri almaq sənin borcundur. Lap Xankəndini göstər, Şuşada istirahət edən ermənini göstər, de ki, erməni torpaqlarımızda keyf edir. Ay millətin gələcəyi, bu gün alınmasa da ,  bu torpaqları düşməndən azad etmək sənə düşəcək. Ümumiyyətlə,  vətənpərvərlik, Qarabağ mövzusu niyə dövlətin məlum ictimai-siyasi strukturları tərəfindən nizamlanmır?  Nizamlanan yalnız imitasiya xarakterli daxili proseslərdir-kim nədən yazsın, nədən yazmasın.

Siyasi müxalifət necə, ən azı həmsədrlərin son bəyanatı ila əlaqədar mətbuat konfransı da keçirə bilməzdi? Onların başının üzvlərinin həbs olunmasına qarışdığını, günlərinin məhkəmədə keçdiyini bilirik, amma bu bəhanə ola bilməz. Bu vətən məsələsidir. Vətənin biabırçı bir tarixə imza atacağının yaxınlaşdığını görməmək mümkün deyil.

Ziyalı potensialımız faktiki olmadığı üçün heç nə demək olmur.

Yenə də bu işlə məşğul olan dövlətin səlahiyyətlilərinə üzümüzü tutub deyirik ki, millətin gücündən hərtərəfli istifadə etmək lazımdır. Həm diplomatiyada, həm hərbidə. Milləti hakimiyyətlə birləşdirən yeganə faktor Qarabağdır. Qarabağla bağlı cəmiyyətin gücündən, istər fərd olaraq, istər toplum olaraq yararlanmaq lazımdır. Nitsşenin sözündəki acı həqiqətin qapısı ağzındayıq. Tariximizin bu gün də elə səhifələri var ki, xəcalətliyik, amma bunların hamısını Qarabağ qələbəsi ilə yumaq olar. Yoxsa,  sürətlə uçurumun dibinə şığıdığımızın fərqində deyilsiniz? Məşhur lətifədə deyildiyi kimi” şığıdığınız bəsdir, qanad çalın”.

Moderator.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Gündəm, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar