A24 Xeber

“Səba” istehlakçılara xəbərdarlıq etdi

“Səba” istehlakçılara xəbərdarlıq etdi
47
20 İyul 2018 - 11:39

“Səba” şirkəti istehlakçılara dondurulmuş toyuq məhsullarını alarkən diqqətli olmaları barədə xəbərdarlıq yayıb.

“A24.az” bildirir ki, şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatında bildirilir ki, satış təmsilçiləri bəzi marketlərdə dondurulmuş toyuq ətinin əmtəə görünüşünün korlandığını müəyyən ediblər. “Marketlərdən əməkdaşlarımıza verilən məlumata görə, elektrik enerjisinin verilməsində yaranmış məhdudiyyətlər bəzi marketlərdə soyuducuların sıradan çıxmasına səbəb olub. Həmin müddətdə anbarlarda və soyuducularda olan dondurulmuş toyuq əti məhsulunun buzu açılmış, daha sonra soyuducular işə düşdükdə isə məhsullar yenidən donmuşdur. Bu hal məhsulun xarab olmasına səbəb olmasa da, əmtəə görünüşünü korlamışdır. Hal-hazırda satış təmsilçilərimiz bu məhsulları bütün marketlərdən geri yığırlar” – məlumatda qeyd edilir.

Şirkət bu məhsulların satışa çıxarılmaması və piştaxtalara qoyulmaması barədə marketlərə xəbərdarlıq edib. “İstehlakçılardan xahiş edirik ki, marketlərdə əmtəə görünüşü korlanmış dondurulmuş toyuq əti məhsuluna rast gəldikdə şirkətin satış departamentinə +994512502300 nömrəli telefona zəng vursunlar” –  “Səba” şirkətindən belə bildiriblər.

“Qida təhlükəsizliyi zəncirinin bütün halqalarında sağlamlığı qoruyan bir şirkət kimi, bizdən asılı olmayan səbəbdən baş vermiş bu halın müştərilərimizə “Səba” məhsulları qıtlığı yaşatmasına imkan verməyəcəyik. Yığılan məhsulların tez bir zamanda yeniləri ilə əvəzlənməsinə çalışacağıq. Şirkətə dəyən ziyana gəldikdə isə, heç bir maddi zərər bizim müştərilərimizin sağlamlığından əhəmiyyətli ola bilməz – “Səba”da bu fikirdədirlər.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00