Sinan Oğan Azərbaycanda keçiriləcək prezident seçkilərindən danışdı

Sinan Oğan Azərbaycanda keçiriləcək prezident seçkilərindən danışdı
Want create site? Find Free WordPress Themes and plugins.
Türkiyənin sabiq millət vəkili, siyasətçi  Sinan Oğan Azərbaycanla bağlı müsahibə verib.

– Sinan bəy, Azərbaycanla Türkiyə arasında münasibətlər davamlı olaraq inkişaf edir. Türkiyə gündəmi hər zaman Azərbaycanın diqqətindədir. Bildiyiniz kimi, gələn ay Azərbaycanda prezident seçkiləri keçiriləcək. Seçkilərlə bağlı fikirləriniz bizim üçün maraqlıdır.  

– Azərbaycan bizim canımız, qanımızdır. Azərbaycanda olan hər bir hadisəni yaxından izləyirik. Təbii ki, mənim Azərbaycandakı hadisələri yaxından izləməyimin səbəbi də, bizim kökümüzün o coğrafiya olmasıdır. Əlbəttə, hamımız türkük. Ancaq, mən buna əlavə olaraq, özümü hər zaman Azərbaycan türkü olaraq təqdim etmişəm. Hətta, millət vəkili seçildiyim ilk gün bunu demişdim: “Azərbaycanın Türkiyə Böyük Millətlər Məclisində (TBMM) də bir millət vəkili var”. Buna görə də, Azərbaycandakı hər hadisəni yaxından izləyirik. Keçiriləcək prezident seçkiləri də, Azərbaycanın istiqlalının davamına bir vəsilə olacaq.

Azərbaycanda hələ də 1 milyon qaçqın yurd-yuvasına dönə bilməyib. Hələ də, Qarabağ ermənilərin işğalı altındadır və Azərbaycanın indi güclü olması gərəkdir. Güclü və istiqrarlı Azərbaycan Qarabağın geri alınmasına, qaçqınların öz yurdlarına dönməsinə nail olacaqdır.

– Ən ağrılı yermizə – Qarabağa toxundunuz… Ötən ay Xocalı Soyqırımı ilə bağlı Türkiyədə də silsilə tədbirlər keçirildi. Burda, qardaş ölkə insanının bu soyqırımı haqda fikirləri və bunu qəbullanması bizi sevindirir. Bəs dünya? Nə edək ki, dünya da Xocalıdakı o soyqırımı şəffaf pəncərədən görsünlər?

– Bu mövzuda ilk böyük mitinqimi 20 Yanvar 1990-cı ildə Sovet tankları Bakıya daxil olduğunda, 25 min nəfərlə İstanbulda Sovet konsulluğunun önündə etdim. Türkiyədə bu mənada ilk böyük mitinqi də edən birisiyəm. Ondan sonra yenə də Xocalı və ümumilikdə Qarabağla bağlı işlərin içində idim. TBMM-ə gəldiyimdə mən 4 il boyunca millət vəkili ikən hər il TBMM-də bildirimişdim ki, Xocalıda yaşananlar bir soyqırımıdır. Buna da öncə soyqırımı deməli olan TBMM-dir. Biz əvvəl özümüzdən başlamalıyıq. Soyqırımına ilk əvvəl biz qiymət verməliyik. Biz demədən başqasından bunu gözləmək doğru deyil. Bizim Xarici İşlər Nazirliyimizin klassik bir siyasəti var. Deyirlər ki, tarixi tarixçilərə həvalə edək. Doğrudur… Əgər Xocalı tarixi hadisədirsə, arxivlərdə sübutlar axtarılması gərəkirsə, tarixçilərin öhdəsinə buraxaq. Amma, Xocalı tarixdə yaşanmış bir hadisə deyil. Bu gün yaşayan hər kəsin yaşadığı dönəmdə kameraların, foto aparatların və insanların gözü önündə yaşanmış hadisədir. Tarixi hadisə deyil ki, tarixçilərə buraxaq. O səbəblə parlamentlər də tarixi hadisələrə qiymət verməzlər. Amma, bu gün yaşanan hadisələrə parlamentlər öz münasibətlərini bildirərlər və bildirməlidirlər.

– Sabiq millət vəkili olaraq, iki qardaş ölkənin parlamentlərinin hazırda gördüyü işlərdən məmnunsunuzmu?

– Ümumilikdə, məmnunam. Ancaq, bir nüansa toxunum. Mən o zamanlar Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü idim. O sırada mənim həm parlamentin sədri, həm də, prezidentlə görüşüm olmuşdu. Azərbaycan parlamenti Fransa parlamemtinin qondarma soyqırımı qərarına qarşı o zaman bir qərar qəbul etdi. Və Türkiyənin yanında olduğunu söylədi. Bunlar hər parlamentin edəcəyi işlər deyil. Ancaq qardaş bir ölkənin parlamentinin edəcəyi bir işdir. Buna görə də, mən iki ölkə arasındakı münasibətləri müsbət dəyərləndirirəm. Ancaq, təbii ki, bu münasibətlər mükəmməl səviyyədə deyil. Daha da, yaxşı ola bilər və bunun üçün çalışmaq lazımdır.

Fidan Afər

Ankara

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar