A24 Xeber

Sosial media meneceri olmaq üçün nə etmək lazımdır? – MARKETOLOQLA VİDEOMÜSAHİBƏ

Sosial media meneceri olmaq üçün nə etmək lazımdır? – MARKETOLOQLA VİDEOMÜSAHİBƏ
1. 330
29 Mart 2017 - 13:35

Bu gün biz rəqəmsallaşan dünyada yaşayırıq deyə, bir çox fəaliyyət sahələri kimi marketinq fəaliyyətinin də rəqəmsal istiqaməti sürətlə inkişaf edir. Digital (rəqəmsal) marketinq deyəndə ağıla ilk sosial media gəlir. Sosial media bu gün həyatımızın ayrılmaz hissəsinə çevirilib. Düzdür, bəzi təbəqələr belə hesab edir ki, sosial media boşuna vaxt keçirməyinbir adıdır. Ancaq dünyada 2 milyarddan, Azərbaycanda isə 3 milyondan çox insan sosial şəbəkələrdən istifadə edir.
Mediamark şirkətinin direktoru, sosial media mütəxəssisi Orxan Rzayev A24.Az-ın Sosial Media Marketinqi haqqında suallarını cavablayıb.

Jurnalistlərin daha çox bu işlə məşğul olmasına marketoloq belə aydınlıq gətirir.

– Təkcə jurnalistlər deyil, müxtəlif sahədə işləyən gənclər bu istiqamətə maraq göstərir, yaxşı sosial media meneceri olmaq üçün sizin sosial mediadan yaxşı mənada təcrübələriniz olmalıdır və bu sahəni inkişaf etdirməlisiniz. Bugünkü gündə digər sahələrdə iş tapmaq çətin olduğundan gənclər bu sahəyə daha çox yönəlirlər. Kim bunu daha yaxşı mənimsəyir, o da daha uğurlu mütəxəssis olur.

– Bəzi şirkətlər marketinq bilikləri olmayan gəncləri bu işə dəvət edir və çox az əməkhaqqı ilə işin öhdəsindən gəlməyi təklif edirlər. Bunun səbəbləri nədir və düzgün hesab edirsiniz bunu?
– Təcrübəsiz insandırsa, təbii ki, onu müəyyən simvolik rəqəmlə və ya ödənişsiz işə götürürlər, müəyyən təcrübə toplamasına kömək edirlər, həmçinin, yoxlayırlar ki, həmin komandada işləmə potensialına malikdir ya yox. Mənim də, marketinq sahəsində təhsilim yoxdur, ancaq mən özümü inkişaf etdirərək müəyyən səviyəyə gəlib çatmışam. Bu sahə elədir ki, nəzəriyyə deyil, təcrübə rol oynayır. Siz bu günün trendini izləmirsinizsə, bir müddət sonra kənarda qalacaqsınız.

Azərbaycanda kifayət qədər Sosial Media Meneceri yoxdur və bu da Azərbaycan dilində bu sahədə material azlığına səbəb olur.
– Bizdə Sosial Media Avropa və Amerikaya baxanda daha gec inkişaf edib, rəqəmsal marketinq haqda yazan bloggerlər çox azdır, yeni-yeni başlayıblar araşdırmağa. Bu bizim əlimizdədir ki, yaxın illərdə Azərbaycan dilində araşdırmalar edib, nəticələrini öyrənək.

Orxan bəy, Sosial Media Menecerlərinin qəbuledilməz səhvləri sizə görə nələrdir? Yəqin ki, izləyirsiniz həmkarlarınızı.
– İlk səhvləri odur ki, sosial media menecmentinə sırf məlumat paylaşmaq kimi baxırlar. Məsələn, xəbər saytıdırsa, saytda dərc olunan xəbərləri qısa zaman aralığı ilə sosial mediada paylaşırlar və bununla sosial media idarə etdiklərini düşünürlər. Bu belə deyil, sosial media insanların yeni informasiyalar əldə etmək üçün, maraqlı vaxt keçirmək üçün daxil olduqları platformadır. Buna görə də, sahəsindən asılı olmayaraq, hər bir qurum, şirkət sosial media profilini bu məqsədlər xidmət edəcək şəkildə hazırlamalıdırlar.

Xəbər portallarında xəbərlərin paylaşımı hansı zaman aralığında olmalıdır? Xəbərin daha çox insanın oxuması üçün büdcə necə idarə olunmalıdır?
– Sosial mediadan ən çox qazanc əldə edən xəbər portallarıdır, “Facebook”a daxil olan insanların 66%-i , “Tvitter”ə daxil olan insanların 60% -i xəbərləri burdan oxuyur. Bu xəbər portalları üçün ciddi bir rəqəmdir. Mənim tənqid etdiyim məqam sayta oxucu cəlb etmək üçün yalan məlumatdan, şişirdilmiş xəbər başlıqlarından istifadə edilməsidir. İnsanların hisləri ilə oynayırlar. Bu, təəssüf ki, Azərbaycanda alınır. İnsanlar yalan məlumatı görəndə təhqir edir həmin xəbər portalını, ancaq 3-4 gün sonra unudur. Əgər insanlar o xəbər saytını cəzalandırsalar, bu ənənə ləğv olar. Vaxtlara gəldikdə isə, gün ərzində 10-15 paylaşım normaldır. Əgər xəbəri paylaşıldıqdan qısa zaman sonra mühim bir xəbər olarsa, o xəbəri paylaşdığınız an reklama qoya bilərsiniz və sürətlə yayılacaq bu xəbər.

Azərbaycan ən çox istifadə olunan sosial şəbəkələr “Facebook”,”You Tube”, “instagram”, və “Tvitter”dir. Digər sosial şəbəkələr isə kifayət qədər özünə kütlə yığa bilməyib. Orxan bəy, necə düşünürsünüz, sosial media menecerlərinə digər sosial şəbəkələrdən istifadə etmək vacibdir?
– Saydığınız sosial şəbəkələr Azərbaycanda aktivdir, ancaq digərləri o qədər də istifadə olunmur. Bu, hər bir ölkədə belədir. İstifadəçi sayı az olduğundan insanlara maraqlı gəlmir digər sosial şəbəkələr. “İnstagram” son dövrlərdə istifadəçi sayını artırıb. Azərbaycanda əvvəllər şirkətlər “İnstagram” ı önəmli hesab etmirdilər. Hazırda izləyici sayı kifayət qədər olan bu şəbəkədən şirkətlər də istifadə edir.

Gənclər sosial mediadan heç bir şirkətə xidmət etmədən necə pul qazana bilərlər?
– Sosial mediadan pul qazanlar kifayət qədərdir. Sosial mediada izləyicisi çox olan insanlar “influencer” adlanır və şirkətlər bu insanlarla əməkdaşlıq edir. İnflunserlər şirkətin maraqlı xəbərlərini paylaşır və bunun müqabilində müəyyən məbləğ pul alırlar.

Brilyant Rəsulova
Fərid Orucov
A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00