A24 Xeber

Stalinin “Beş milyon azərbaycanlıya görə üçüncü dünya müharibəsinə başlaya bilmərəm” sözləri və M.C.Bağırovun göz yaşları

Stalinin “Beş milyon azərbaycanlıya görə üçüncü dünya müharibəsinə başlaya bilmərəm” sözləri və M.C.Bağırovun göz yaşları
1. 262
28 İyun 2017 - 15:15

Cənubi Azərbaycan hərakatının süqutunun gizlinləri: İ.Stalin – M.Bağırov- S.C.Pişəvəri

SSRİ İran neftini ələ keçirmək üçün müxtəlif gedişlər edib. İkinci Dünya müharibəsi zamanı SSRİ İran planını arxa plana keçirsə də, sonradan yenidən fəaliyyətə başlayıb. Bu fəaliyyət üçün isə əsas məsələ azərbaycanlıların ayağa qaldırılması, hətta müstəqil demokratik Cənubi Azərbaycan respublikasının yaradılması da olub. Bütün bu olanlar barədə arxiv materialları əsasında yazılmış araşdırmanı diqqətinizə çatdıracağıq.

“Ölkə.Az” istedadlı tədqiqatçı Adıgözəl Məmmədovun“Cənubi Azərbaycan hərakatının süqutunun gizlinləri: İ.Stalin – M.Bağırov- S.C.Pişəvəri” barədə araşdırmasını sizə təqdim edir:

iyul, 1946-cı il

Təsadüfi deyil ki, hətta 1950-ci ildə S.C.Pişəvərinin ölümündən sonra M.İ.İvanov İran Kommunist Partiyası haqqında dissertasiya yazanda Pişəvərini öz xalqının düşməni kimi göstərmişdi. Nəzərə almaq lazımdır ki, bu dissertasiya ÜİK(b) P MK-nın nəzdindəki İctimai Elmlər Akademiyasında müdafiə olunmuşdu.

M.C.Bağırov Malenkova məktub göndərərək qeyd edirdi ki, S.C.Pişəvəriyə bu cür münasibət heç bir məntiqə sığmır və tamamilə əsassızdır (C.Həsənli. “Soyuq müharibənin başlanğıcı”). O yazırdı: “Pişəvəri İran xalqı tərəfindən sevilir və görkəmli bir şəxsiyyətdir. Bu iftira Tudə Partiyası (İran Kommunist Partiyasının sədri, erməni Artaşes Ovanesyan) tərəfindən yayılmışdır. Bu, Tudə Partiyasının əksinqilabi fəaliyyətindən və eyni zamanda Pişəvəri haqqında iftiraların yayılmasından başqa bir şey deyildir. Xalq kütlələri arasında parlaq partiya və hökumət xadimi kimi Pişəvərinin adı üzərinə heç bir kölgə salına bilməz”.

M.C.Bağırov İ.Stalinə yazdığı növbəti məktubda ingilislərin şah rejimi ilə birlikdə “İntellijens-servis” kəşfiyyatçıları vasitəsilə Azərbaycan demokratik hərəkatının neytrallaşdırılması xəttini həyata keçirdiyini vurğulayaraq, onları zərərsizləşdirmək təklifini irəli sürmüşdü.
O yeni yaranan Tehran hökumətində İran Azərbaycanının təmsilçisi kimi Padeqanın namizədliyini təklif etmişdi.

F № 1, siy. № 89, iş № 112

MOSKVA, ÜİK(b)P MK STALİN YOLDAŞA

Son zamanlar Şimali Kürdüstan rayonunda gərgin vəziyyət yaranmaqdadır. İngilislər kürdlərin devrilməsi üzrə geniş işə başlayıblar, ayrı-ayrı kürd tayfaları arasında silahlı toqquşmalar və kürdlərin azərbaycanlılara hücumlarını təşkil edirlər.

İyulun sonunda tanınmış kürd başçısı Hama Rəşid Xan Benam şəhərində ingilis kəşfiyyatçısı polkovnik Kornellə görüşdən sonra 8 kürd kəndini talan etmişdir. Rezaiyyə şəhərində digər kürd başçısı Nuri Bəy azərbaycanlı kəndlilərdən öz xeyrinə vergi yığmağa başlamış, bunun da nəticəsində iyulun 20-də kürdlər və azərbaycanlılar arasında silahlı toqquşma baş vermişdi. Avqustun əvvəllərində Rezaiyyə şəhərində Nuri Bəylə Rəşid Bəyin kürd tayfaları arasında silahlı toqquşma olmuşdur.

Eyni zamanda ingilislər İran-İraq sərhədində Uşnu şəhəri ətrafında İran kürdlərindən ibarət silahlı dəstələr cəmləşdirmişlər ki, onlar da qarışıqlıq və iğtişaşlar törətmək üçün Şimali Kürdüstana hücum etməyə hazırlaşırlar.

Azərbaycanlılarla kürdlər arasında nifaq salınması istiqamətində Qəvam tərəfindən də iş aparılır. Qəvam  Şimali Kürdüstan kürdlərinin rəhbəri Qazi Məhəmmədlə Tehranda görüşərkən, onun qarşısında Kürdüstanın Azərbaycandan ayrılması məsələsini qoymuşdur və bu zaman İran hökuməti ilə azərbaycanlılar arasında Şimali Kürdüstanın da daxil olduğu Azərbaycan əyaləti barədə imzalanmış sazişin mövcudluğunu nəzərə almamışdır.

Bu istiqamətdə İran ordusunun Baş Qərargahı da iş aparır. İngilislər Bərzani tayfasından olan İraq kürdlərinin olduqca ağır maddi vəziyyətindən istifadə edərək, onların İranın Şimali Kürdüstanından İraqa qaytarılması üzrə işə başlamışlar. Bərzani tayfasından olan İraq kürdlərinin vəziyyəti həqiqətən də olduqca ağırdır, onlar böyük maddi ehtiyac keçirir, demək olar ki, aclıq çəkirlər. İndiyədək onların Şimali Kürdüstanda məskunlaşması məsələsi həll olunmayıb.

Ümimiyyətlə, biz təkcə onlara deyil, həm də İran kürdlərimizə az sayda silah və hərbi sursat verilməsi istisna olmaqla, maddi yardım göstərməmişik. Azərbaycanlılar isə onlara böyük yardım göstərmək iqtidarında deyillər, buna görə də kürdlər hər çur təxribata asanlıqla uyurlar və azərbaycanlılarla böyük silahlı toqquşmaya gedə bilərlər. Biz azərbaycanlılar məsləhət görmüşük ki, kürdlərə qənd, taxıl və digər mallarla maddi yardım imkanları tapıb bu işi gücləndirsinlər.

İraq kürdlərinin irticaçı kürd dəstələri və İran qoşunlarının Şimali Kürdüstan və Azərbaycana hücum edəcəyi təqdirdə istifadə olunacaq  real silahlı qüvvə kimi saxlanması məqsədilə azərbaycanlılar düzgün olaraq belə bir məsələ qaldırmışlar ki, ermənilərin Sovet Ermənistanına köçməsindən sonra boşalacaq bir sıra kəndlər Bərzani tayfasından olan İran kürdlərinə verilsin. Biz onlara bu məsələni kürd demokratlarının rəhbəri Qazi Məhəmmədlə razılaşdırmağı və ermənilərin boşaltdığı bəzi kəndləri İraq kürdlərinə verməyi tövsiyə etdik, amma Tehran hökumətinin etirazına səbəb olmamaq üçün bunu etmək mümkün deyil.

Bütün etdiklərimiz kifayət deyil. İraq kürdlərinə ilk növbədə ərzaqla kömək etmək lazımdır. Bunu yerindəcə etmək olar.
ÜİK (b) MK-nın qərarı ilə Azərbaycanla bağlı işlər üçün bizə ayrılmış fonddakı 660 min tüməndən bu günə qədər 240 min tümən xərclənməmiş qalıb, bu vəsaitin 100 min tümənini azərbaycanlılar vasitəsilə kürdlərə ayırmağa icazə vermənizi xahiş edirik.
Sonda bunu bildirməyi zəruri hesab edirəm ki, bizim əlbir işləmək barədə çoxsaylı xəbərdarlıqlarımıza baxmayaraq, Azərbaycan demokratlarının rəhbərliyində, xüsusən Pişəvəri ilə general-qubernator Cavid arasında gərgin münasibətlər müşahidə olunmaqdadır.
Daxil olmuş məlumatlara görə, Qəvam öz hökumətində azərbaycanlılara nazir-müşavir (portfelsiz nazir) vəzifəsini vermək niyyətindədir və Pişəvəri bu vəzifəyə Cavidi tövsiyə edir. Cavidin inkişaf və hazırlıq səviyyəsinə görə bu işə tam uyğun gəlməsinə baxmayaraq, biz qorxuruq ki, onun Qəvam və ingilislərin təsiri altına düşməmək üçün kifayət qədər səbatı çatmasın. Pişəvəri isə Cavidi, görünür, ondan canını qurtarmaq üçün tövsiyə edir. Buna görə də biz nazir-müşavir vəzifəsinə Peşəvərinin Demokrat Partiyası üzrə müavini – kifayət qədər səbatlı və bizə sadiq Padeqanı tövsiyə etmək, Cavidi isə Təbrizdə saxlamaq qərarına gəlmişik.
Sizin göstərişlərinizi gözləyirik.

M.C.Bağırov
15 avqust1946-cı il

Hadisələrin sonrakı təhlili göstərir ki, ABŞ və Böyük Britaniyanın siyasi dairələri Məhəmməd Rza şaha təzyiq göstərmək məqsədi ilə ona Cənubi Azərbaycanın liderləri ilə danışıqlar aparmağı tapşırırlar. Onlar şahın diqqətinə çatdırmaq istəyirlər ki, İranın daxili, xüsusilə də xarici siyasəti ABŞ və İngiltərənin nəzarəti altında həyata keçirilməlidir. Bu mənzərə SSRİ-Cənubi Azərbaycanda hərəkata nəzarət etmək istəmir və ya Stalin bu məsələnin həllindən yayınır? Suallarını meydana çıxardırdı.
Ona görə də, M.C.Bağırov İ.Stalinə növbəti məktubunda izah etmək istəyir ki, Moskva Cənubi Azərbaycan və Şimali Kürdüstanda baş verən proseslərə nəzarəti zəiflədərsə, Cənubi Azərbaycan və Şimali Kürdüstanda ABŞ və Böyük Britaniyanın təsir “rıçaqları” işləməyə başlayacaq.
F № 1, siy. № 89, iş № 112

MOSKVA, ÜİK(b)P MK STALİN YOLDAŞA

Oktyabrın 20-də mən Naxçıvanda Pişəvəri, onun müavini Sadıq Padeqan və fədai (partizan) qoşunlarının generalı Qulam Yəhya Danişyanla görüşdüm.

Onlar İran Azərbaycandakı vəziyyət barədə məlumat verdilər, onların fikrincə, Tehranın ingilisyönlü hökumətindən daha nələr gözləməyin mümkün olduğu haqqında danışdılar və onlara hərbi hücumun baş verəcəyi halda zəruri yardım göstərilməsini xahiş etdilər.
Onların bəyan etdiyinə görə, Azərbaycanda əhalinin əhval-ruhiyyəsi əsasən müsbətdir. Azərbaycan Demokrat Partiyasının nüfuzu və təsiri möhkəmlənmir və güclənir. Torpaqların kəndlilər arasında bölüşdürülməsinin davam etməsi ilə bağlı böyük ruh yüksəkliyi müşahidə olunur. Ordu, xüsusilə də, partizanlar özlərini yaxşı aparır və heç bir şübhə doğurmurlar. Kürdlərlə qarşılıqlı münasibətlər qənaətbəxşdir. İndiyə qədər onlara imkan daxilində maddi yardım göstərilmişdir.

Son zamanlaradək Tehran hökumətinin Azərbaycana heç bir pul və maddi yardım göstərmədiyinə, üstəlik Azərbaycana məxsus 20 milyon tüməni qaytarmadığına baxmayaraq, azərbaycanlılar öz xərclərini birtəhər ödəyirlər, amma artıq kürdlərə, xüsusilə də çox ehtiyacları olan İraq kürdlərinə yardım etmək iqtidarında deyillər.

Bununla bərabər Azərbaycan sərhədində İran ordusunun böyük qüvvələri cəmləşmişdir. İran zabitləri və ingilis kəşfiyyatçılarının rəhbərliyi altında çoxlu iri quldur dəstələri yaradılmışdır.

Demək olar ki, hər gün bu və ya digər ərazidə həmin dəstələr silahlı hücumlarla azərbaycanlıların gücünü yoxlayırlar.

Azərbaycan daxilində ingilisyönlü irticaçı elementlər və ingilislər özləri əhalinin parçalanması üzrə fəal iş aparırlar. Çaxnaşma yaratmaq məqsədilə Azərbaycan ərazisində labüd müharibə haqqında şayiələr yayır, əhaliyə vaxtında Azərbaycandan getməyi təklif edirlər. Kürdlərin azərbaycanlılarla qarşılıqlı münasibətlərində ayrı-ayrı anormallıqlardan istifadə edərək, onları bir-birinə qarşı qaldırırlar.

Oktyabrın 17-də yenicə Təbrizə gəlmiş İngiltərə baş konsulu Karss qeyri-rəsmi görüş adı altında Peşəvərinin yanına getmişdir. Söhbət əsnasında o, Pişəvəriyə bir sıra suallar vermişdir:

1. Azərbaycan demokratları Təbriz aerodromunu genişləndirmək və yenidən qurmaq istəyirlərmi?
2. Azərbaycanlılar xarici ticarəti təşkil etmək və qaydaya salmaq fikrində deyillər ki?
3. Azərbaycanın hansı rayonlarında indiyə qədər neft yataqları aşkar olunub?
4. Neftdən başqa digər qiymətli yataqlar varmı?
5. Nə üçün azərbaycanlılar digər Avropa dövlətlərinin mədəniyyətindən istifadə etmək üçün onlarla daha sıx əlaqə qurmaq istəmirlər?
6. Azərbaycanlıların kürdlərlə qarşılıqlı münasibətləri necədir? Kürdlər Azərbaycanın şəhər və kəndlərinə hücuma hazırlaşmırlar ki? və s.

Pişəvəri cavab verib ki, kürdlər və azərbaycanlıların öz aralarında vuruşmasına səbəb yoxdur və onun partiyası qabaqcıl xalqların mədəniyyətinin təkcə Azərbaycanda deyil, bütün İranda yayılmasının lehinədir. Digər məsələlərə gəldikdə isə, Pişəvəri onlar barədə Tehran hökumətinə müraciət etməyi təklif edib, çünki bu məsələlər Demokrat Partiyasının funksiyalarına daxil deyil.

Tehrandan son hadisələrlə əlaqədar olaraq, Pişəvəri və onun yoldaşları hesab edirlər ki, məclisə seçkilər İrandakı demokratik qüvvələrin tam iflic vəziyyətinə salınana, Azərbaycan məsələsi aradan qalxana qədər uzadılacaq. Bundan başqa, onların fikrincə, Tehran hökuməti Azərbaycan məsələsini iki yolla: ya açıq silahlı hücumla, ya da qoşunları Azərbaycana yeritmək, qarnizon və jandarmeriyanın rəhbərliyini öz əlinə almaq imkanı qazanmaq üçün saxta saziş imzalamaq yolu ilə aradan qaldıra bilər.

Tehranla sonrakı danışıqlarla bağlı onlar yenidən təsdiq etdilər ki, bizim göstərişimiz olmadan heç bir müstəqil addım atmayacaqlar.
Silahlı hücuma gəldikdə isə, əhali sözsüz ki, müqavimət göstərəcək. Bu halda onlara yalnız silah, avtonəqliyyat və pulla kömək göstərmək lazımdır. Yardımın həcmi haqqında iki gün ərzində məlumat verməyə söz veriblər.

Azərbaycan
K(b)P MK-nın katibi (M.C.Bağırov)
22 oktyabr 1946-cı il
№ 33-34

Artıq 1946-cı ilin dekabrında regionda geosiyasi vəziyyət Azərbaycanın iki rəhbərləri S.C.Pişəvəri və M.C.Bağırovun xeyrinə olmayan şəkildə dəyişdi.

Demokratik respublikanın rəhbərliyi ilə çoxdan görüşmək istəyən ABŞ və İngiltərə emissarları sanki Tehran qoşunlarının Təbrizə doğru hərəkətini görmürdülər. Əslində, ABŞ və İngiltərənin mövqelərindəki etinasızlıq bəzi incə məqamlardan irəli gəlirdi.

Hələ İkinci Dünya müharibəsinin sonlarında, 1945-ci il fevralın 14-də ABŞ prezidenti F.Ruzvelt Səudiyyə Ərəbistanının kralı Əbdül Əziz ibn Əbdül Rəhman əl-Səuddan faşist Almaniyasının qurbanı olan yəhudilərin Fələstin torpağında yerləşdirilməsinə etiraz etməməyini xahiş etmişdi. Kralın bu xahişə münasibəti birmənalı olmuşdu. Kral belə cavab vermişdi: “Yəhudilərə qarşı törədilmiş cinayətlərə görə qoy Almaniya özü cavab versin. Yəhudilər almanlardan zərər çəkiblərsə, qoy onları incidənlərin adlarını çəksinlər. Nə üçün ərəblər başqalarının törətdiyi cinayətlərə görə cavab verməlidirlər?” Bu görüşdə Transərəb neft kəməri haqqında razılıq əldə olunmuşdu. Bundan sonra ərəb lideri digər müsəlman ölkələrinin rəhbərləri, o cümlədən İran şahı ilə görüşmüşdü. Onlarla məsləhətləşmələr apararaq, mövqelərini dəqiqləşdirmişdi. İran şahının mövqeyi birmənalı idi: İsrail dövləti olmamalıdır.

Amma ikinci Dünya müharibəsi sona çatdıqdan sonra Yaxın Şərqdə Mussolininin dövründə İtaliya ərazisi sayılan torpaqlar ərəb və müsəlman ölkələrinin birləşməməsi üçün əlindən gələni edən Böyük Britaniyanın  ixtiyarına keçdi. Məsələn, 1946-cı ilin əvvəllərində Liviya İtaliyanın nəzarətindən çıxdı və ABŞ, İngiltərə və Fransa arasında bölüşdürüldü. Ərəb ölkələrinin birliyini, müstəqilliyini istəyən ərəb milli–vətənpərvər qüvvələrinin nəticədə nail olduqları onların liderlərinin ölkədən çıxarılmağa başlaması oldu. “Demokratiya daşıyıcıları” – London emissarları hətta ərəb dilində olan qəzetləri də bağlamağa başladılar. Öz protektoratını Ərəb Əmirliklərinə zorla qəbul etdirən Böyük Britaniya Fars körfəzində yerləşən Tombe-Bozorg, Tombe-Kuçek, Əbu Musa adlarının adını dəyişərək, orada öz dəniz donanmasını yerləşdirdi. Tehran tərəfi isə, bu adaları tarixən İran ərazisi hesab edərək, onları geri tələb edirdi. Bu adalar keçmiş Vest-Hindistan tranzit yolunda Böyük Britaniyanın hərbi-dəniz qüvvələrinin yerləşdiyi strateji obyektlər sayılırdı. Həmin adalar Böyük Britaniyaya kommunikasiyaların təhlükəsizliyini təmin etmək üçün öz hərbi-dəniz donanmasını saxlamağa imkan verirdi.

Nəzərə alaq ki, Cənubi Azərbaycanın sərhədləri Fars körfəzinə çıxmır, Fars körfəzinin İran sahillərində əsasən ərəblər və bəluclar yaşayır. O zaman ingilislər İran ərəbləri üçün muxtariyyət “layihəsi” hazırlamışdılar. Amma hadisələr elə dəyişdi ki, ABŞ prezidenti Trumen ərəb dövlətlərinin razılığını almadan 100 min yəhudinin Fələstində yerləşdirilməsini bəyan etdi. Bu addım ərəb və müsəlman dünyasında böyük qəzəbə səbəb oldu. Məsələn, Səudiyyə Ərəbistanı kralı Əbdül Əziz Trumena belə bir məktub göndərdi: “Sizin yəhudilərin mövqeyindən çıxış etməyiniz və onların Fələstin ərazisində yerləşdirilməsi haqqında bəyanatınız məni çox təəccübləndirdi. Bu ümumilikdə, bizim ABŞ-la əvvəlki razılaşmamıza ziddir” (Area Handbook, səh. 172).

Tarixi bağlarla ABŞ-a bağlı olan Böyük Britaniya strateji partnyorluqdan çıxış edərək, Fələstin məsələsi ilə əlaqədar Tehran hökuməti ilə danışıqlar aparmağa başladı. Vaşinqton və Londonun təklifləri  bundan ibarət idi: əgər İran tərəfi Fələstin məsələsində ABŞ və Böyük Britaniyanın mövqeyində durarsa, Fars körfəzindəki adalardan imtina edərsə, Fars körfəzi yaxınlığındakı neft yataqlarının birgə istismarına razılıq verərsə, London və Vaşinqton Cənubi Azərbaycan və Şimali Kürdüstan məsələsini İran şahının maraqlarına uyğun şəkildə həll edəcək və onu hərbi baxımdan dəstəkləyəcək. Bu isə İran Azərbaycanı və Şimali Kürdüstanın sonu demək idi.

ABŞ və İngiltərənin şərtlərini qəbul edən Məhəmməd Rza şah öz ordusunu silahlandırıb Təbrizə yönəltdi. İran qoşunlarının şimala hərəkətindən narahat olan M.C.Bağırov Stalinə məktub yazaraq, hər vəchlə yardım göstərməyi xahiş etdi.
Amma heyhat! Tarixi proseslər Azərbaycanın xeyrinə inkişaf etmirdi.
F № 1, siy. № 89, iş № 112

MOSKVA, ÜİK(b)P MK STALİN YOLDAŞA

May ayında etibarən Bakı və Kirovabad hərbi məktəblərində İran Azərbaycanından 375 zabit və kursant təhsil alır. İranda vəziyyətin dəyişməsi ilə əlaqədar olaraq, bizdə, Naxçıvan rayo¬nunda bu kontingentdən qabaqcadan iki dəstə – biri qırıcı-tank əleyhinə, digəri isə artilleriya zəruri sayırıq. Onlar qənimət kimi ələ keçirilmiş alman istehsalı olan tank əleyhinə silahlar, minomyotlar və toplarla silahlandırılacaqlar. Bu dəstələr lazım gəldikdə, Sizin icazəniz əsasında Azərbaycan demokratlarının sərancamına veriləcəklər.
Sizin göstərişlərinizi gözləyirik.

İ.İ.Maslennikov
M.C.Bağırov
2 dekabr 1946-cı il
F № 1, siy. № 89, iş № 112

ÜİK(b)P MK
STALİN YOLDAŞA

Təbrizdən alınmış informasiyanı Sizə təqdim edirəm.

Dekabrın 4-də İran qoşunları Zəncan rayonundan Miyanə istiqamətində hərəkət etməyə başlayıblar. Azərbaycan və İran qoşunlarının ön hissələri arasında bir neçə saat davam edən döyüş baş verib. İran qoşunları tanklar, səhra topları və minomyotlardan istifadə edirlər. Döyüş nəticəsində gözətçi xidməti çəkən Azərbaycan partizan dəstələri Rəcəin kəndi və dəmiryol stansiyasını tərk edərək, yeni müdafiə mövqelərinə çəkiliblər.

Azərbaycanlıların Miyana qruplarının komandiri Daneşyan Pişəvərinin adına göndərdiyi teleqramda tank pulemyotları və ixtisaslı zabitlərlə yardım göstərməyi xahiş edib. Daneşyanın digər bir teleqramından görünür ki, İran qoşunları həmçinin Xalxala hücum etmək və Ərdəbili ələ keçirmək üçün Tzeron və Ərməğan  Xətə kəndləri ətrafında cəmləşir.

Pişəvəri radio vasitəsilə əhalini İran qoşunlarının Azərbaycana hücumu barədə xəbərdar edib.

Təbrizdə  hərbi vəziyyət elan olunub.

Azərbaycanın hər yerindən kəndlilər müdafiə olunmaq üçün silahlandırmaq xahişi ilə Demokrat Partiyasının Mərkəzi Komitəsinə müraciət edirlər. Amma silah olmadığından rəhbərlik bu xahişləri yerinə yetirə bilmir.

Azərbaycan Demokrat Partiyasının rəhbərliyi bir daha onlara heç olmasa minimal həcmdə yardım göstərməyi: 16 top, 5 min tüfəng, 20 tank əleyhinə silah və müvafiq miqdarda mərmi və patron verməyi xahiş edir.

M.C.Bağırov
5 dekabr 1946-cı il

MOSKVA, ÜİK(b)P MK
STALİN YOLDAŞA

İran Azərbaycanındakı vəziyyətlə bağlı məni qəbul etməyinizi xahiş edirəm.

M.C.Bağırov
5 dekabr 1946-cı il

M.C.Bağırovla Stalinin görüşünün baş tutub-tutmadığı məlum deyil. Amma V.Molotovun rəhbərlik etdiyi məxfi qrup 10 dekabr 1946-cı il tarixində Azərbaycan Demokrat Firqəsi bürosunun iclasında S.C.Pişəvərini vəzifəsindən azad edərək, partiyanın sədri postuna isə Məhəmməd Biriyanı təyin etdi.

V.Molotovun tərtib etdiyi mətin əsasında M.Biriya Azərbaycan Demokrat Firqəsi adından müraciətlə çıxış etdi. Bu müraciətdə deyilirdi: “Şah qoşunları Azərbaycana gəlir və İran Məclisinə seçkilərə nəzarət edəcək. Seçkilər keçirilməli və İran Məclisinə təqdim olunmalıdır”.

Buradan görünürdü ki, artıq Kreml M.C.Bağırovu milli hisslərinə görə Cənubi Azərbaycandakı hadisələrə təsir göstərmək imkanından məhrum edir! M.Biriya Bakıya mühacirət etdikdən sonra M.C.Bağırovun qəzəbindən yaxa qurtara bilmədi: həbs olunub Sibirə sürgün edildi.
Dekabrın 20-də Cənubi Azərbaycanda şah rejimi bərpa olundu. On minlərlə ailə İranın cənubuna sürgün edildi. Sonrakı aylar Azərbaycan şəhərlərinin meydanlarında üsyançıların asıldığı dar ağacları quruldu.

Bakıya mühacirət etməyə məcbur olmuş S.C.Pişəvəri, S.Padeqan, T.İlhami, R.Qazi digər demokratlar M.C.Bağırovun ətrafına toplaşıb ondan tədbir görməsini xahiş etmişdilər. Bağırov onların yanında İ.Stalinə zəng vurmuşdu. Söhbət zamanı o milli hərəkat xadimlərinə qarşı törədilən özbaşınalıq və zorakalıqlar haqqında danışıb Cənubi Azərbaycan hökumətinin fəaliyyətini bərpa etməyə köməklik göstərməyi xahiş etmişdi. Buna isə Stalin belə cavab vermişdi: “Beş milyon azərbaycanlıya görə mən üçüncü dünya müharibəsinə başlaya bilmərəm”.

Telefon söhbətindən sonra, şahidlərin dediyinə görə, Bağırov hönkür-hönkür ağlamışdı. Ertəsi gün İ.Stalindən Azərbaycan demokratlarına ünvanlanmış teleqram gəldi; o, demokratları dözümlü, ciddi və möhkəm olmağı çağırırdı.

Cənubi Azərbaycandakı hərəkat iflasa uğrasa da, M.C.Bağırov öz çıxışlarında, kitablarında həmişə Cənubi Azərbaycan məsələsini qoyurdu. O, bu məsələdə hətta Stalinlə də razılaşmırdı.

1950-ci ildə M.C.Bağırovun  “Azərbaycan ziyalılarının növbəti vəzifələri haqqında” kitabı çapdan çıxdı. Kitabın 30-cu səhifəsində o, yazırdı: “Ümumdünya miqrasiya prosesində Azərbaycan tayfa və xalqların hərəkətinin mərkəzində olub. Azərbaycan dəfələrlə yadellilər tərəfindən təcavüz və işğala məruz qalıb. Azərbaycanı zəbt edənlər qılınc gücünə onun xalqına öz dillərini qəbul etdiriblər. Buna baxmayaraq, Azərbaycan xalqı öz milli mədəniyyətini, incəsənətini və öz dilində ədəbiyyatını yaradıb və inkişaf etdirib.

Amma İranda fəaliyyət göstərən irticaçı qüvvələr Cənubi Azərbaycanda milli dili məhv etmək siyasətini həyata keçirirlər. Azərbaycan dilində oxumaq və təhsil almaq qadağan olunub, Azərbaycan dilində yazılmış kitablar yandırılır, onların müəllifləri isə təqib olunur. Lakin onlar öz çirkin məqsədlərinə nail olmayacaqlar. Azərbaycan dili özünü həmişəlik qoruyub saxlamaq hüququna malikdir, o yaşayır və yaşayacaqdır”.

 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00