A24 Xeber

TANAP-ın ikinci fazasının inşasının tamamlanacağı vaxt bəlli oldu

TANAP-ın ikinci fazasının inşasının tamamlanacağı vaxt bəlli oldu
29
06 Avqust 2018 - 14:37

Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans-Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) ikinci fazasının (Eskişəhərdən Yunanıstan sərhəddinə qədər, Faza-1) inşası 2019-cu ilin iyun ayında tamamlanacaq.

“A24.Az” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi- “SOCAR Turkey Enerji A.Ş.”nin baş direktoru Zaur Qəhrəmanov bildirib.

Onun sözlərinə görə, bu hissə üzrə işlərin 85%-i tamamlanıb: “2019-cu ilin iyun ayında boru kəməri Yunanıstan sərhəddinə çatacaq. Sınaq işlərindən sonra 2019-cu ilin sonuna Yunanıstana qaz nəql ediləcək”.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin əsas seqmentlərindən biri olan TANAP-ın dəyəri 8 mlrd. dollar qiymətləndirilir. TANAP Türkiyənin Gürcüstanla sərhəddindən başlayır və Yunanıstan sərhəddində, Ədirnənin İpsala rayonunda Avropa ölkələrinə təbii qaz nəqlini həyata keçirəcək Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşdiriləcək.

Ümumi uzunluğu 1850 km olan TANAP Faza-0 və Faza-1 hissə olaraq həyata keçirilir. Boru kəmərinin Faza-0 adlandırılan Gürcüstan-Türkiyə sərhəddi-Eskişəhər hissəsinin diametri 56 düym, uzunluğu 1340 km təşkil edir. Bu il iyunun 12-də TANAP-ın bu hissəsinin rəsmi açılış mərasimi keçirilib. İyunun 30-da isə TANAP-la Türkiyəyə ilk kommersiya qazının tədarükü başlanıb. İlk il illik həcmin 2 mlrd. kubmetr olması planlaşdırılır.

Kəmərin ilkin illik ötürücülük gücü 16 mlrd. kubmetr təşkil edir. Bu həcmin 6 mlrd. kubmetri Türkiyədə istifadə olunacaq, 10 mlrd. kubmetri isə Avropaya nəql ediləcək.

TANAP layihəsində “Cənub Qaz Dəhlizi” QSC 51%, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A.Ş” 7%, BOTAŞ 30%, BP 12% paya malikdir.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00