Türk Ordusu Afrində yerli istehsal olan silah və texnikalardan istifadə edir - FOTOLAR

Türk Ordusu Afrində yerli istehsal olan silah və texnikalardan istifadə edir – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyə Silahlı Qüvvələrinin yanvarın 20-də Suriyanın Afrin rayonu ərazisində PKK, KCK, PYD, YPG və İŞİD terrorçularına  qarşı başlatdığı “Zeytun Budağı” əməliyyatı artıq 9 gündür dava edir.

“AzeriDefence”nin məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yanvarın 28-də axşam saatlarınadək Afrində 557 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb. Ötən gün Türkiyə Silahlı Qüvvələrinin və Azad Suriya Ordusunun bölmələri tərəfindən regionda taktik əhəmiyyətə malik Barşah (Burseya) dağı terrorçulardan təmizlənib.

Əməliyyatların gedişatını əks etdirən video və fotolardan göründüyü qədər Türkiyə Silahlı Qüvvələri döyüşlərdə milli istehsal olan silah, texnika, müxtəlif hərbi təyinatlı vasitələrdən geniş istifadə edir.

“AzeriDefence” sosial şəbəkələrdə və xəbər saytlarında araşdırma apararaq, Türkiyə Silahlı Qüvvələrinin Afrin döyüşlərində praktiki olaraq istifadə elədiyi silah və texnikaların bəzilərini təqdim edir.

T-155 “Fıırtına” özüyeriyən haubitsa. Bundan əvvəl də Suriyadan Türkiyəyə atəş açan İŞİD terrorçularının mövqelərinin vurulmasında istifadə olunub. Cənubi Koreyanın lisenziyası ilə MKE şirkəti tərəfindən təkmilləşdirilərək istehsal olunur. 5 heyətə malik Fırtınanın uzunluğu 12 metr, eni 3,5 metr, çəkisi 47 ton, sürəti 66 km/saatdır. Türkiyə Silahlı Qüvvələrinin inventarında olan Fırtınalar MTU-881 KA 500 dizel mühərriki ilə təchiz edilib. Sistemin silahlanmasına 155 mm-lik L-52 topu və 12.7 mm çaplı pulemyot daxildir. Haubitsanın atış-kontrol sistemi ASELSAN tərəfindən hazırlanıb. Artilleriya sistemi 45 km məsafədəki hədəflərə qarşı effektiv tətbiq edilə bilir.

“Fırtına” özüyeriyən haubitsa atış mövqeyində

T-122 “Sakarya” yaylım atəşli reaktiv sistem. Türkiyənin ROKETSAN şirkəti tərəfindən istehsal edilir. 40 km-dən çox atış uzaqlığına malikdir. “Sakarya” Türkiyə ilə yanaşı Azərbaycan və BƏƏ ordularının silahlanmasında yer alır. Bundan əvvəl “Fərat Qalxanı” əməliyyatında və 2016-cı ilin aprel ayında Azərbaycanda istifadə olunub. “Sakarya” bu gün dünyada öz sinfində ən yaxşı YARS-lardan hesab olunur. Qeyd edək ki, hazırda ROKETSAN şirkəti bu sistemdən atış üçün TRG-122 adı verilmiş idarəolunan reaktiv mərmilərin yaradılması üzərində işləyir.

T-122 “Sakarya” terrorçuların mövqelərini atəşə tutur

KORAL Mobil Radioelektron Mübarizə Sistemi. 2016-cı ilin dekabr ayında Türkiyə Ordusunun silahlanmasına qəbul edilmiş KORAL Mobil Radioelektron Mübarizə Sistemi bundan əvvəl “Fərat Qalxanı” əməliyyatında istifadə olunub. ASELSAN şirkətinin istehsalı olan KORAL hərbi taktik maşınlara inteqrasiya edilmiş, geniş dalğa diapazonlarında çalışan Elektron Dəstək Sistemi (KORAL ED) və Elektron Hücum Sistemindən (KORAL ET) ibarətdir. Hərbi qüvvələrin imkanlarını əhəmiyyətli dərəcədə artıracaq bu sistem radar dalğalarını aşkarlayır, analiz edir, istiqamətini təyin edir. Bununla yanaşı hədəf radarları qarışdırıb aldataraq onların funksiyalarını yerinə yetirmələrinə maneçilik yaradır. Bu imkanlarına görə KORAL sistemi hədəf ölkələrin hava hücumundan müdafiə sistemlərinə önəmli zərbə vuracaq qabiliyyətə malikdir.

Əməliyyat bölgəsinə göndərilən KORAL sistemi

T-129 ATAK zərbə helikopteri. 2015-ci ildən Türkiyənin silahlanmasına daxil olan T-129 ATAK helikopteri TUSAŞ (TAİ) şirkəti tərəfindən istehsal edilir. Afrin döyüşləri helikopterin ilk sərhəddənkənar döyüşüdür. Türkiyə mediasında yer alan bəzi məlumatlara görə, helikopter bundan əvvəl daxili təhlükəsizlik əməliyyatlarında istifadə olunub. Afrin yaxınlığındakı terroçulara məxsus hədəflərin vurulmasında helikopterin 20 mm-lik topdan və “Cirit” idarəolunan raketlərdən atəş açdığı bildirilir.

T-129 ATAK helikopteri döyüş zonasında

TB-2 “Bayraqdar” PUA“Baykar Makina” şirkəti tərəfindən istehsal edilən TB2 “Bayraqdar” PUA-nın silahlı versiyası terrorçuların mövqelərinin vurulmasında istifadə olunur. Bundan əvvəl adıçəkilən PUA “Fərat Qalxanı” əməliyyatında istifadə edilib. Havada 24 saat qalan PUA-nın rabitə məsafəsi 150 km-dən çox, sürəti 70 mil, əməliyyat hündürlüyü 24000 futdur. Afrində terrorçuların vurulmasında PUA ROKETSAN şirkətinin istehsalı olan 8 km mənzilə sahib MAM-L raketlərindən istifadə edib. Qeyd edək ki, ROKETSAN-nın PUA-lar üçün istehsal etdiyi MAM-L və MAM-C raketlərinin ağırlıqları 22,5 kq, döyüş başlığı isə 10 kq təşkil edir.

TB-2 “Bayraqdar” silahlı PUA – ROKETSAN istehsalı olan 2 ədəd MAM-L raketi ilə silahlanıb

“Cirit” idarə olunan aviasiya raketiROKETSAN şirkəti tərəfindən yaradılmış və istehsal edilən 70 mm çaplı lazer başlıqlı “Cirit” raketi ilk dəfə 2017-ci ilin yanvar ayında daxili təhlükəsizlik əməliyyatında istifadə olunub. Raketin daha bir döyüş tətbiqi BƏƏ silahlı qüvvələri tərəfindən Yəməndə olub.Aviasiya vasitələrinin silahlanmasında istifadə olunan adıçəkilən raket bütün platformalara inteqrasiya oluna bilir. Yüksək dəqiqliklə hədəfi vurma qabiliyyətinə sahib olan “hava-yer” tipli bu raket 8 km mənzilə sahibdir.

T-129ATAK helikopteri Cirit raketindən atəş açarkən

Qanadlı Yönləndirə Dəsti. Mediada və sosial şəbəkələrdə yer alan xəbərlərə görə, Türkiyə HHQ terrorçuların mövqelərinin dəqiqliklə vurulmasında TÜBİTAK tərəfindən yaradılmış Qanadlı Yönləndirmə Dəsti (KGK) ilə inteqrasiya edilmiş bombalardan istifadə edib. KGK vasitəsi ilə HHQ-nin silahlanmasındakı 250 və 500 kq-lık ümumi məqsəd bombalarını “hava-yer” tipli uzun mənzilli yeni nəsil sursatlara çevirilir. Uçuş mənzili 110 km təşkil edən KGK-dən istifadə edən döyüş təyyarələri təhlükəli bölgələrə girmədən, hədəfləri yüksək dəqiqliklə (6 metr sapma ehtimalı) vura bilər.

Qanadlı Yönləndirmə Dəsti (foto əməliyyat zamanı çəkilməyib)

Həssas Yönləndirmə Dəsti (HGK). Türkiyənin müdafiə naziri Nurəddin Canikli mətbuata açıqlamasında HHQ-nin PKK/PYD mövqelərinə qarşı TÜBİTAK istehsalı olan Həssas Yönləndirmə Dəsti taxılan bombalardan da istifadə etdiyini açıqlayıb. Bundan əvvəl adıçəkilən sistem 2017-ci ilin əvvəlində İŞİD mövqelərinin vurulmasında istifadə olunub. HGK ilə təchiz edilmə nəticəsində “ağıllanan” aviasiya bombaları 12192 metr (40000 fut) hündürlükdən atıldıqda 25 km uzaqlıqdakı hədəfləri yüksək dəqiqliklə (6.3 metr sapma ehtimalı) vura bilir. HGK əsasən Mk.84 tipli bombalara qurulur.

Həssas Yönləndirmə Dəsti qurulmuş aviasiya bombası (Foto 2017-ci ildə çəkilib)

NEB betondələn bomba. Türkiyənin bəzi xəbər saytları Afrində terrorçulara məxsus sığınacaqların vurulmasında MKE şirkətinin istehsalı olan NEB adlı betondələn bombadan istifadə olunduğunu iddia edir. Bomba yüksək dəlmə qabiliyyəti, əvvəlcədən proqramlaşdırılan başlığın işə düşməsi nəticəsində ikinci hədəflərə qarşı yüksək fəallığı, atəş vaxtının proqramlaşdırılması, fərqli hədəf tiplərinə qarşı istifadə olunma kimi mühüm xüsusiyyətlərə sahibdir.

NEB betondələn aviasiya bobası sərgidə

“Kirpi” MRAP. Döyüş ərazisinə Türk əsgərlərinin daşınması BMC şirkətinin istehsal etdiyi “Kirpi” MRAP maşınları vasitəsi ilə həyata keçirilir. Maşınlar daxili təhlükəsizlik əməliyyatlarında və “Fərat Qalxanı” əməliyyatında istifadə olunub. Tam təchizatlı 13 əsgəri daşıya bilən “Kirpi”nin uzunluğu 7.07 metr, eni 2.51 metr, hündürlüyü 2.86 metrdir. STANAG 4569 Level 3 səviyyəsində qorumanı təmin edən “Kirpi”nin geniş yayılan 4×4 konfiqurasiyası 350 at gücündə “Cummins ISLe+ 350” mühərriki ilə təchiz olunub və gediş uzaqlığı 800 km təşkil edir. Zirehli nəqliyyat vasitəsi mərkəzi təkər şişirtmə sistemi (təkər partladıqda imkanlar hesabına 40 km gedə bilir), runflat təkərlər, avtomatik yanğınsöndürmə sistemi ilə təchiz olunub. BMC-nin Tunis və Türkmənistan üçün hazırladığı “Kirpi”nin ambulans versiyası eyni qoruma səviyyəsini və texniki xüsusiyyətləri saxlamaqla daxildə dəyişikliklərə məruz qalıb.

“Kirpi” MRAP terrorçulardan azad olunan ərazidə

FNSS ZMA-15 zirehli döyüş maşınıFNSS şirkətinin istehsalı olan 350/400 at gücündə dizel mühərrikə malik ZMA-15 döyüş maşınının çəkisi 14000 kq, heyəti ekipaj daxil 11 nəfər, uzunluğu 5560 mm, eni 2900 mm, hündürlüyü 2001 mm, maksimum irəli sürəti 65 km/saat, geri sürəti 11 km/saat, gediş ehtiyatı 490 km-dir. Maşın 60 dərəcə bucaq altında yüksəkliyə çıxmaq, 40 dərəcə bucaq altında maili ərazidə manevr həyata keçirmə imkanına sahibdir. Maşının əsas silahı 25 mm-lik M242 avtomat top, köməkçi silahı isə 7.62 mm çaplı pulemyotdur.

FNSS ZMA-15 zirehli döyüş maşını döyüş mövqeyində

MPT-76 avtomatı. İlk partiyası 2016-cı ilin sonlarında Türkiyə Silahlı Qüvvələrinə verilmiş 7.62×51 mm çaplı MPT-76 avtomatının çəkisi 4.18 kq, uzunluğu açıq halda 1000 mm, bağlı vəziyyətində 900 mm, lüləsinin uzunluğu isə 406.4 mm təşkil edir. MKE şirkətində istehsal edilən MPT-76-nın atış tempi dəqiqədə 700 patron, darağının tutumu 20 patron və effektiv atış məsafəsi 600 metr, güllənin sürəti isə saniyədə 800 metrdir. MPT-76-nın üzərindəki pikatini relsi silaha müxtəlif optik nişangahlar, lazer və s. cihazlar əlavə etməyə imkan verir.

MPT-76 avtomatı ilə silahlanmış Türk əsgərləri

JMK-90 “Bora-12” snayper tüfəngiMKE şirkəti tərəfindən istehsal edilmiş “Bora-12” snayper tüfəngi indiyədək Türk ordusu tərəfindən bir çox əməliyyatlarda və Azərbaycan Ordusunun snayperləri tərəfindən cəbhədə geniş istifadə olunub. Silahın nişangah atış məsafəsi 1000 metrdir.

Türk əsgəri “Bora-12” snayper tüfəngi ilə təlim zamanı

TAMKAR – keçid açma sistemiMKE şirkətinin istehsal etdiyi TAMKAR minalı sahədən partlatma yolu ilə 100 metr uzunluğunda və 10 metr enində keçid açmaq qabiliyyətinə malikdir. Bir yedək üzərində 8 ədəd raket və raketin arxasınca uzanan qaytan üzərində 400 kiloqram C4 tipli partlayıcı yer alır. Minalı sahədən qarşıya atılan raket bəlli məsafəyə düşdükdən sonra partlayış detonasiyası ilə sahədəki minalar sıradan çıxarılır və keçid açılır. Əlavə yüklə keçidin dərinliyini 200 metrədək uzatmaq mümkündür.

TAMKAR keçid açma sistemi gözləmə mövqeyində (arxadakı)

Adıçəkilən silah və texnikalarla yanaşı Türkiyə Silahlı Qüvvələrinin ASELSAN şirkətinin istehsalı olan jammerlərdən və elektro-optik sistemlərdən, 3Eos şirkətinin istehsalı olan optikalardan, “Otokar”şirkətinin istehsalı olan yüngül zirehli və zirehsiz nəqliyyat vasitələrindən istifadə etdikləri görünür.

azeridefence.com

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar