Vaşinqtondan biri Ukraynanın Baş prokurorunu “it oğlu” deyə çağırır və ya dul "qadın Gürcüstanın" acı "məhəbbəti" - ZAHİD ORUC YAZIR

Vaşinqtondan biri Ukraynanın Baş prokurorunu “it oğlu” deyə çağırır və ya dul “qadın Gürcüstanın” acı “məhəbbəti” – ZAHİD ORUC YAZIR
Want create site? Find Free WordPress Themes and plugins.

90-cı illərin meydan hərəkatı Sovet respublikalarını bürüyəndə gürcü dissidentlərindən biri öz ölkəsinin yeni elitasına çevrilmək istəyən millətçilərə maraqlı, lakin çoxlarına təhqiramiz görünən bir məsləhət vermişdi.

Üstündən xeyli vaxt keçəndən sonra həmin ifadənin janr üslubu artıq önəmli deyil. Hə, kommunistlərlə 70 illik izdivaca son qoyan, sovet rejimindən ayrılmaq istəyən xalqların “qeyri-məhdud azadlıqlar” haqda təsəvvürlərini dağıtmaq və onları inqilab göylərindən acı dünya reallığına qaytarmaqdan ötəri adam demişdi ki, ”Gürcüstan dul qadına bənzəyir, bizimsə yeganə əlacımız bahalı ər tapıb onunla evlənməkdir”.

Nədənsə, Amerikanın sabiq rəhbərlərindən biri Cozef Baydenin Ukraynanın Baş prokuroru Viktor Şokini vəzifəsindən necə qovdurması barəsindəki çıxışı bir dünya gücünün 3-cü sort dövlətlərlə necə davrandığının nümayiş etdirməklə bərabər, milyonçu ərin əndazəyə sığmayan hərəkətlərini özündə əks etdirən ibrətamiz hadisədir.

Diqqət edin, söhbət ölkədə qanunun aliliyini təmin edən orqanlarından birinin rəhbərindən gedir və onun taleyini həll edənlər ekranlarda sərgilədikləri yüksək nəzakət, mədəniyyət qaydalarını bir kənara qoyur, hegemon dövlətlərin öz təbəələrinə münasibətini heç kəsdən gizlətmirlər də.
Halbuki Günəşi və Ayı özünə tabe etdirməyə qalxan Roma imperatoru Neronun vaxtından “ağa necədirsə, xidmətçi də elədir” deyimi çox məhşurdur. O üzdən, Co Baydenin son iki ildə 3-cü dəfə Maydan inqilabının liderlərinə necə ultimatum verdiyini fəxrlə söyləməsi artıq kimdəsə təəccüb doğurmur.  Axı, Nyu-York prokuroru ilə müqayisədə, keçmiş sovet respublikalarının təyinatlı nomenklaturası Ağ Evin qarşısında etiraz hüququna malik deyillər…

Əmr icra olunur…

 

Hardasa başa düşüləndir, Yanukoviç rejimini yıxan və xalqa böyük vədlər verən yeni hökumət başçılarına külli miqdarda xarici yardımlar edilməsə, onlar sələflərinin aqibətini yaşayacaqlar. Artıq mitinqlərdə sağa-sola səpələdikləri “qızıl dağları”nı camaat görmək istəyir və kütlənin növbəti qəzəbinin daha da amansız olacağı çoxlarını qorxudur. Küçə və məhəllə savaşına nə vardı, tarixi qəhrəmanları dirildib minlərlə insanın başı üzərinə Bandera, Petlyüra, Mazepa, Şuxeviçin portretlərini qaldırırsan və fransız mütəfəkkirlərinin “birlik, bərabərlik, qardaşlıq” şüarlarını əldə bayrağa çevirirsən, onda istədiyin böhran situasiyası qaçılmazdır.

Bəs sonra nə olacaq? Axı qoca tarix taxt-tacla müttəhim kürsülərinin çox yaxın olduğunu dəfələrlə sübuta yetirib. Məgər,20-ci əsr Rusiyasında çarı devirənlər sabah burjuyları, bir neçə ay sonra qırmızıları hakimiyyətə gətiməmişdilər? Deməli, xalqın çiyinlərindən onun ayaqları altına qədər olan məsafə çox qısadır. Ac, elə özü qılıncdır!

Amma Ağ Evin yerləşdiyi Kapitoli təpəsindən görünən mənzərə tamam başqadır. Nə olsun, iki slavyan qardaşın arasına böyük müharibə salınıb, ölkə parçalanmaya məruz qalıb və minlərlə adam həyatını itirib, lakin Tunisdən başlayan, Təhrir meydanından keçib irəliləyən qatarı durdurmaq olmaz. Ona görə də Amerikanın vitse-prezidenti durub 12 dəfə Kiyevə gəlir və Poroşenkoya deyir ki, Baş prokuror onun xoşuna gəlmir, əgər 1 milyard dollarlıq yardımı almaq istəyirsənsə, şərtləri qəbul etməlisən.
Yeri gəlmişkən, Cozef “şokolad kral”ını qeyri-rəsmi olaraq, ”Petro”deyə çağırır. Lap İtaliyanın məhşur “Xaç atası” filmində Don Karleonenin mafiya aləmini xatırladır. Sən bir işə bax, rusiyayönümlü keçmiş məmurları Kreml qarşısında mütilikdə qınayanlar, Azarov hökumətini sovet çinovniki kimi Putinin komandasından əmr və direktivlər almaqda ittiham edənlər, fərqli bir dövlət ədəbini-ərkanını idarəçiliyə gətirməyə söz vermişdilər. İndi isə müstəqil bir ölkənin Baş prokurorunu “Vaşinqton obkomu”nun rəhbərlərindən biri “it oğlu” deyə çağırır və ona vəzifəsindən getməsi üçün cəmi 6 saat vaxt verir. Bir görün, kommunistlərin mirasından qurtulmaq istəyənlər, büsbütün qara rənglə boyadıqları Stalinin öz silahdaşlarına “köpək oğlu” deyə, müraciətini heç xatırlayırlarmı?

Viktor Şokini belə küçə sözləri ilə yad edənlərin zoofil-heyvansevər leksikonunun hara və kimlərə qədər inkişaf etdiyini bilmək çoxlarını maraqlandırır. Hər halda gələcəkdə dərc olunan memuarlarda Silikon vadisinin “adqoyma ənənələri” haqda daha geniş məlumatlar dərc olunacaq. Amma qışın qaynar tonqallarında öz rəhbərlərini edama qalxmış bir ovuc “avromaydan”çı liderlərlə Obamanın özü və yaxın ətrafının əslində hərbi diktat dililə danışdığı indinin özündə də məlum həqiqətlərdir. Sonralar, etirazçılarla görüşüb onlara bolşevik salamlarını və Petroqrad vineqretini, yox,Vaşintqonda qara dərili aşpazların inqilabçı fəhlələr üçün hazırladıqları peçenyeləri şəxsən paylayan Viktoriya Nulandın öz ölkəsinin səfiri ilə gizli telefon söhbətində hansı sensurasız jarqonlardan istifadə etdiyini yaxşı xatırlayırlar.

Heç proletar rəhbəri Lenin öz emissarlarına göndərdiyi məxfi teleqramlarda o boyda təhqirlərə yol vermirdi. ABŞ-ın dövlət katibi Ukraynadakı diplomatına Avropa Birliyindəki müttəfiqlərinin Kiyev hadisələri ilə bağlı yumşaq davrandıqlarına görə onları “ana”ları ilə birgə yad edirdi. Hər halda belə “matovıy sözlər”ə görə Brüsseldən Vaşinqtonun yüksək çinli nümayəndəsinə kimsə etiraza cürət etməzdi. Axı xanım Nuland da sıradan birisi deyildi. O, 1991-93-cü illərdə rus parlamentini gülləbaran edən tankları ilhamlandıran Moskva səfirliyinin təmsilçisi kimi sonralar Yeltsini ölkəsinin sərvətlərini qərblilərə verməyin faydasına inandırır, daha sonra keçmiş Yuqoslaviyanın bombardman edilməsi əməliyyatının yekunlarına görə döşünə orden taxırdı. Yəni, adi adam deyildi.

Həyat yoldaşı, Robert Kaqanla birlikdə İraq və Əfqanistana bombalı demokratiyanın gətirilməsi ideyasının sərt tərəfdarlarından biri sayılırdı. İndi artıq postunu tərk edib Brukinqs İnstitutunda mühüm xarici siyasət reseptlərini müxtəlif qurumlara çatdırmaqda davam edir.
Amma bütün dünya bilirdi ki, 2013-cü ildə “assosiativ sazişi” imzalamamağın güdazına gedən və Qərblə Şərq arasında həlledici anda seçim edə bilməyən Yanukoviçi hələ devirməmiş artıq yeni hökumətin siyahısı Oval kabinetdə hazır idi. Bəli,bir vaxtlar Latın Amerikasında diktaturaları devirən “ölüm eskadronları” kimi ixrac olunan demokratiya bu dəfə qədim Kiyev rus dövlətini haqlamışdı. Lakin üstündən illər keçəndən sonra Baş prokurorun korrupsiya ilə mübarizə aparmasından narazı qalan Vaşinqton elitası Poroşenkoya “müstəqilliyin” dar çərçivələrini göstərirdi. Gerçəkdənmi, büdcə oğurluğunun normaya çevrildiyi və pulluların hakimiyyətinin bərqərar olunduğu bir ölkədə kimsə cinayətkarlara qarşı mülayim davranırdı, yoxsa, Cozef Bayden özəl maraqları naminə belə qəzəbli şantaj yolunu seçmişdi, hər halda bu sualın cavabı da özünü çox gözlətmədi.
Sən demə, vitse-prezidentin oğlu Hanter Bayden keçmiş ukraynalı nazir Nikolay Zloçevskinin qurduğu kompaniyanın rəhbər heyətinə seçilib və bəxtisz Baş prokuror dövlət əmlakını talama və korrupsiya piramidasına çevrilən sözügedən qurum ətrafında apardığı istintaq tədbirləri ilə siyasi ölümünü özü qazanıb. Yoxsa, onun avromaydançı hökumətin düşmənləri ilə yumşaq mübarizəsindən və qeyri-peşəkarlığından söhbət gedə bilməzdi.

 

İndi kimsə tapılıb Ukrayna hakimiyyəti adından təmsil etdikləri millətin üçüncü dəfə həyata keçirdiyi və adını da “Ləyaqət inqilabı” qoyduqları hadisədə canlarını itirən insanların ruhu naminə Baydendən üzr tələb etmir. Axı o mübarizədə qurban gedənlər Kremlin rəhbərlərindən əsrlərlə gördükləri təhqirlərə görə üsyan qaldırdıqlarını iddia edirdilər.
Hər halda Putinin keçmiş sovet respublikalarının rəhbərləri, yaxud, 5 günlük avqust müharibəsi zamanı Tbilisyə gəlmiş fransalı prezident Nikolo Sarkoziyə hansı epitetlərlə müraiciət etdiyini biz yalnız abədi inqilabçı Mixail Saakaşvilinin dilindən eşitmişik. Öz ölkəsinə gerçək demokratiyanı və azadlığı gətirən sabiq dövlət rəhbəri Mişa Moskva ilə münasibətlərin düşmənçilik səviyyəsinə qalxmasının səbəblərini elə həmin imperiya-vassal münasibətləri ilə izah etməkdən yorulmur. Saakaşvili usanmadan deyir ki, Putin ondan Gürcüstanda hansı vəzifələrin Mərkəzə məxsus olduğunu xəbərdar edir, Kremlin namizədlərini yüksək dövlət məqamlarına seçməsə, aqibətinin yaxşı olmayacağını ona xatırladır, formal xarakter daşıyan müstəqilliyin gerçək mahiyyətini tez-tez ona izah edirmiş. Nəticəsi hamıya məlumdur. Saakaşvilinin gözünü böyüdən də elə bu olub. Necə məgər, bəs, SSRİ dağılmayıb?

O, sanki virtual aləmdə yaşadığını düşünməyə başlayır. Hətta bir dəfə o öz ölkəsinin Patriarxını Putinin yanına göndərir ki, bəlkə ondan müxtəlif mədəniyyət, incəsənət adamlarının vizasız gediş-gəlişinə icazə alar. Həm də din adamları Allahın adından danışıb dövlətləri barışdıra bilirdilər axı. Ancaq, əsil şoku da “qızılgüllü iqtidar” onda yaşyır.

Rusiya rəhbəri əlahəzrət Patriarxa cavab verir ki, o, rəsmi şəxslərə və kilsənin arzuladığı adamlara Rusiyaya giriş üçün icazə verməyə hazırdır, lakin onda terrorçuların elə həmin sənədlərlə Moskvaya gəlişini durdurmaq üçün Kremlin etibar etdiyi şəxs Gürcüstanın təhlükəsizlik orqanlarına rəhbərlik etməlidir. Bəli, söhbət keçmiş nazir Valeri Xaburdzaniyadan gedirdi..

Belə-belə işlər…

Sizcə Poroşenko öz kumiri olan prokurorun başı ilə 1 milyard dollarlıq çekin arasında seçimi kimin xeyrinə etməliydi ki? Əlbəttə, əlahəzrət yaşıl imperiyanın..

Lakin bütün qarşıdurmalara və indi də davam edən kəşfiyyat müharibələrinə baxmayaraq, Mixail Saakaşvili Vladimir Putindən şəxsi söhbətləri zamanı öz ünvanına hər hansı təhqir və sensurasız ifadə eşitmədiyini etiraf edir. Co Baydensə, Ukrayna Baş prokurorunu gəlib kabinetdəcə ordersiz həbs edə bilərdi.
Indi nə qədər istəyirsiz, sovet dövrünü söyün, onun vicdan məhbuslarını yad edin, Stalinin tarixdə görünməmiş repressiyalarını və həbs düşərgələrini lənətləyin, amma hazırki dünyanın əsil sahiblərinin demokratik dili kommunistlərin leksionundan daha acıdır.

Azadlığın özü kimi…

Çünki bir xalq mübarizə aparır və sonda özünə rəhbəri kənar paytaxtlardan gələn əmrlə qəbul edir.

Rusiyadan azad olmaq belə olur, sən demə!

Millət Vəkili Zahid Oruc

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar