XİN Qubadlının işğalı ilə bağlı açıqlama yaydı

XİN Qubadlının işğalı ilə bağlı açıqlama yaydı
Want create site? Find Free WordPress Themes and plugins.

“1993-cü il avqustun 31-də Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı hərbi təcavüzünün davamı olaraq, Azərbaycana mənsub keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənar yerləşən Qubadlı rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub”.

“A24.az” xəbər verir ki, bunu Azərbaycanın Qubadlı rayonunun işğalının 25-ci ildönümü ilə əlaqədar Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O xatırladıb ki, ərazisi 802 kv. km və 1993-cü il üçün əhalisi 30 minə yaxın olan, 1 şəhər və 93 kənddən ibarət Qubadlı rayonunun işğalı zamanı 192 nəfər soydaşımız şəhid olub, 238 nəfər yaralanıb, 49 nəfər isə girov götürülərək işgəncələrə məruz qalıb: “İşğalçılar tərəfindən rayon sakinlərinə qarşı kütləvi etnik təmizləmə həyata keşirilib, dövlət və özəl mülkiyyət obyektləri talan edilib. Onların arasında 7278 fərdi ev və mənzil, 64 inzibati bina, 148 sosial obyekt, 161 mədəniyyət obyekti, o cümlədən 3 muzey və 50-dən artıq tarixi abidə var idi. Hal-hazırda Qubadlı rayonunun təqribən 41 minlik əhalisi əsasən Sumqayıt şəhəri olmaqla, Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün qismində məskunlaşır.

Digər işğal edilmiş ərazilərdə olduğu kimi, Qubadlı rayonu ərazisində də Ermənistan tərəfindən Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan edilməsi, saxtalaşdırılması, vandalizmə məruz qoyulması və xarakterik xüsusiyyətlərinin dəyişdirilməsi həyata keçirilir. Onların arasında son tunc – erkən dəmir dövrünə aid Qubadlı şəhərinin qədim hissəsində yaşayış məkanı, Əliquluuşağı kəndindəki iki qala və  Muradxanlı kəndindəki qala, Başarat kəndindəki Orta əsrlərə aid Qafqaz alban məbədi, Qayalı kəndinə yaxın Yazı düzündəki XIV əsrə aid qəbristanlıq və Cavanşir türbəsi, Dəmirçilər kəndindəki XIII-XIV əsrlərə aid iki türbə, müxtəlif kəndlərdə olan çoxlu sayda məscidlər, Qubadlı Tarix müzeyində saxlanılmış 3 min eksponat və sair abidələr dağıntılara və talana məruz qalıb.

Ermənistan Respublikası Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Qubadlı rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və erməni əsilli şəxslərin məskunlaşmasına yönəldilən cəhdlər kimi qeyri-qanuni əməllərini davam etdirir. Bu baxımdan Tufenkyan Fondu tərəfindən Suriyadan olan ermənilərin Qubadlı rayonunun Xanlıq kəndində yerləşdirilməsi buna bariz misaldır.

BMT Təhlükəsizlik Şurasının Qubadlının işğalından sonra qəbul edilmiş 874 (1993) və 884 (1993) saylı qətnamələrində Azərbaycan Respublikası ərazilərinin işğalı kəskin şəkildə pislənilib və Azərbaycanın cənub sərhədləri boyunca humanitar fəlakətin yaranması və çoxlu sayda mülki insanın didərgin düşməsinə münasibətində ciddi narahatlıq ifadə olunub. Hər iki qətnamədə “Təhlükəsizlik Şurasının 822 (1993) və 853 (1993) qətnamələrinin icrası məqsədilə təxirəsalınmaz addımlara dair uyğunlaşdırılmış vaxt cədvəli”nə müvafiq olaraq işğalçı qüvvələrin birtərəfli qaydada çıxarılması tələb olunub. Lakin Ermənistan bu günədək həmin tələblərə əməl etməkdən yayınır.

Hərçənd ki, Azərbaycan ərazilərinin işğal altında saxlanması heç zaman Ermənistanın güddüyü siyasi nəticələri verə bilməz. Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və işğala əsaslanan status-kvonun dəyişdirilməsi münaqişənin siyasi həlli və hərtərəfli regional əməkdaşlıq üçün imkanlar aça və davamlı sülhün təmin olunmasına töhfə verə bilər.

Azərbaycan tərəfi münaqişənin tezliklə həlli istiqamətində səylərin artırılmasını dəstəkləyərək beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini və vətəndaşlarının pozulmuş hüquqlarını bərpa etmək hüququnu özündə saxlayır”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar